Azərbaycan musiqisinin unudulmaz nümunələrindən biri yenidən gündəmə gəlib. Əməkdar artist Manana Çaparidze mərhum Xalq artisti Aftandil İsrafilovun məşhur “Basqalı rəqsi” əsərinə yeni həyat verib.
Xüsusi.Tv xəbər verir ki, sənətçi bu dəfə əsəri mahnı formatında təqdim edərək ona sözlər yazıb. Yeni ifa “Basqalım mənim” adı ilə dinləyicilərə təqdim olunub.
Manana Çaparidze bildirib ki, bu layihənin arxasında illər əvvəl yaşadığı unudulmaz bir görüş dayanır. Onun sözlərinə görə, tədbirlərin birində Aftandil İsrafilovla tanışlığı və aralarında baş tutan səmimi söhbət bu ideyanın əsasını qoyub.
Müğənni xatırladır ki, mərhum sənətkar ona müraciət edərək “Basqalı rəqsi”nin mahnı şəklində təqdim olunmasını arzulayıb və bu əsərin məhz onun ifasında səslənməsini istəyib. Hətta qeyd edib ki, bəzi hallarda bu musiqi parçası xaricdə fərqli adlarla təqdim olunur və bu səbəbdən əsərin Azərbaycan dilində tanıdılması xüsusi əhəmiyyət daşıyır.
Manana Çaparidze deyir ki, bu istək onun üçün həm məsuliyyət, həm də böyük şərəf olub. İllər sonra sənətçi həmin vəsiyyəti yerinə yetirərək əsəri yeni formada təqdim edib.
Layihənin hazırlanmasında Aftandil İsrafilovun ailəsinin dəstəyi də mühüm rol oynayıb. Xüsusilə sənətkarın qızı Həcər xanımın mənəvi dəstəyi müğənni tərəfindən yüksək qiymətləndirilib.
“Basqalım mənim” mahnısı artıq musiqisevərlərin diqqətini cəlb edib və klassik əsərin müasir təqdimatı kimi maraqla qarşılanır.




