Abşeron ərazisində fəaliyyət göstərən “Ağazadə Electronics” mağazası ilə bağlı növbəti narazılıq ictimailəşib. Vətəndaş Elnurə Əliyeva yaşadığı problemi bölüşərək aidiyyəti qurumlardan kömək istəyir.
Onun sözlərinə görə, 3 mart 2025-ci ildə Sədərək Ticarət Mərkəzində yerləşən mağazadan DSP markasına məxsus, 320 AZN dəyərində 10 litrlik xəmiryoğuran aparat alıb. Məhsula 1 il zəmanət verilsə də, cihaz qısa müddət sonra nasaz vəziyyətə düşüb.
Şikayətçi bildirir ki, 12 mart tarixində məhsulu mağazaya qaytarıb və cihaz təmir olunaraq ona geri təqdim edilib. Lakin problem bununla bitməyib. Təmir edilən xəmiryoğuran ilk istifadədə yenidən eyni nasazlıqla sıradan çıxıb.
Elnurə Əliyeva mağaza ilə yenidən əlaqə saxlamağa çalışsa da, əvvəlcə zənglərinə cavab verilmədiyini qeyd edir. Daha sonra isə ona məhsulu yenidən təmir üçün gətirməsi bildirilib. Lakin vətəndaş eyni problemin təkrarlandığını əsas gətirərək məhsulun dəyişdirilməsini tələb edib.
Məsələ ilə bağlı mağaza əməkdaşları ilə əlaqə saxlanıldıqda isə ilkin olaraq şikayətçi tanınmayıb və zəmanət talonunun onlara aid olmadığı bildirilib. Sonradan isə məhsulun həmin mağazadan alındığı təsdiqlənsə də, vətəndaşın yenidən müraciət etməsi istənilib.
Şikayətçi bildirir ki, 25 mart 2026-cı ildə Abşeron Ticarət Mərkəzində yerləşən mağazaya gedərək məhsulun geri qaytarılmasını və ya yenisi ilə əvəz olunmasını tələb edib. Lakin onun iddiasına görə, mağaza səlahiyyətlisi Rəşad bu tələbi kobud şəkildə rədd edib və məsuliyyətdən yayınıb.
Vətəndaşın sözlərinə görə, mağaza nümayəndəsi hətta “hara istəyirsiz şikayət edin” deyərək məsuliyyətsiz mövqe sərgiləyib və zəmanət sənədini də inkar edəcəyini bildirib.
Hazırda şikayətçi aidiyyəti qurumlardan məsələnin araşdırılmasını və mağaza haqqında tədbir görülməsini tələb edir. O, digər vətəndaşları da bu cür hallara qarşı diqqətli olmağa çağırır.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




