Muxtar Nağıyev YAP-dakı vəzifəsini itirir? – Qurultay öncəsi kulis iddiaları

Xüsusi.Tv xəbər verir ki, Yeni Azərbaycan Partiyası-nın qarşıdan gələn qurultayı ərəfəsində partiya daxilində ciddi kadr və struktur dəyişiklikləri ilə bağlı iddialar gündəmdədir.

Məlumatlara görə, yenilənmə siyasəti çərçivəsində bir sıra vəzifəli şəxslərin postlarını itirəcəyi gözlənilir. Ən çox müzakirə olunan isimlərdən biri isə Muxtar Nağıyev-dir. İddialara əsasən, onun Səbail rayon təşkilatının sədri vəzifəsindən uzaqlaşdırılması ehtimalı yüksək qiymətləndirilir.

Kulis məlumatlarında bildirilir ki, Muxtar Nağıyevin rəhbərlik etdiyi strukturda daxili narazılıqlar mövcuddur. İddialara görə, o, təşkilatın aparat üzvləri və hətta bəzi müavinləri ilə münasibətlərdə çətinliklər yaşayır. Bundan əlavə, müxtəlif tədbirlər adı altında ərazi təşkilatlarından vəsait toplanması ilə bağlı səsləndirilən fikirlər də müzakirə mövzusuna çevrilib.

Qurultay öncəsi dəyişikliklərin yalnız bununla məhdudlaşmayacağı qeyd olunur. Belə ki, digər rayon təşkilatlarında da yenilənmələrin olacağı gözlənilir. Bu siyahıda Azər SüleymanovTural Qasımlı kimi şəxslərin də adları hallanır.

Eyni zamanda, partiyanın icra aparatında da dəyişiklik ehtimalları müzakirə olunur. Belə ki, Tahir Budaqov-un da vəzifəsini itirə biləcəyi ilə bağlı iddialar səsləndirilir.

Analitiklər hesab edir ki, bu proses Yeni Azərbaycan Partiyası daxilində daha çevik və müasir idarəetmə modelinə keçidlə bağlıdır. Uzun müddət vəzifədə olan, lakin son dövrlərdə aktivliyi zəif qiymətləndirilən kadrların dəyişdirilməsi partiyanın daxili dinamizmini artırmağa hesablanıb.

Digər tərəfdən, gəncləşmə siyasətinin davam etdirilməsi də əsas prioritetlərdən biri kimi göstərilir. Yeni simaların önə çəkilməsi partiyanın ictimai imicinin yenilənməsi və gələcək strategiyasının gücləndirilməsi baxımından vacib sayılır.

Bununla yanaşı, təcrübəli kadrların tamamilə kənarda qalması gözlənilmir. Onların daha çox strateji və məsləhətçi mövqelərdə fəaliyyət göstərə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, qarşıdan gələn qurultay Yeni Azərbaycan Partiyası üçün təkcə növbəti təşkilati tədbir deyil, həm də genişmiqyaslı dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir. Kimlərin vəzifədə qalacağı, kimlərin isə uzaqlaşdırılacağı isə əsas maraq doğuran məsələlərdən biri olaraq qalır.