Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsinin mümkün olduğunu bildirib.
Xüsusi.tv xəbər verir ki, bunu 26 noyabr tarixində Ermənistan hökumətinin iclasından sonra keçirilən ənənəvi brifinqdə çıxış edən Nikol Paşinyan Konstitusiya dəyişikliyi və müxalifətlə münasibətlər barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Baş nazir bildirib ki, növbədənkənar parlament seçkilərinə getməyə heç bir maneə yoxdur. Lakin bunun üçün ictimaiyyətlə dialoqun mövcud olması vacibdir.
Onun sözlərinə görə, bu yanaşma müxalifətin məsələ ilə bağlı mövqeyindən asılı olmayaraq aktualdır.
Paşinyan həmçinin Milli Assambleyada aparılan müzakirələrin nəticələrini və məsələ ilə bağlı yekun qərarı gözləməyi tövsiyə edib.
“Biz səsvermənin nəticələrinə uyğun hərəkət edəcəyik”, – deyə Ermənistanın baş naziri vurğulayıb.
Paşinyan əlavə edib ki, hakimiyyət bütün təklifləri dinləməyə hazırdır. Bununla belə, irəli sürülən təkliflərin hamısının qəbul edilməsi və həyata keçirilməsi nəzərdə tutulmur.
“Bu o demək deyil ki, biz əvvəllər malik olduğumuz təcrübəni təkrarlamalıyıq və ya ümumiyyətlə bunu edə bilərik. Həmin vaxt bütün mümkün təkliflər qəbul edilir, nəticədə isə Konstitusiya öz dinamikasını və aerodinamikasını itirirdi”, – deyə Paşinyan bildirib.





