Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradovun rayon ərazisində fəaliyyət göstərən bir sıra qanunsuz daş karxanalarını himayə etdiyi barədə məlumatlar yayılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə qanunsuz fəaliyyət göstərən karxanaların qarşısının alınması istiqamətində mübarizə aparsa da, hələ də torpaq qanunvericiliyini pozan, işçiləri qeyri-leqal çalışdıran və vergidən yayınan çoxsaylı karxanalar mövcuddur.
Xüsusi.Tv xəbər verir ki, “Azərbaycan Reallığı” saytına daxil olan məlumata görə, belə qanunsuz fəaliyyət göstərən karxanalardan bir neçəsi “İdman” ləqəbi ilə tanınan sahibkara məxsusdur. Bildirilir ki, həmin karxanalara əsasən Müşfiq adlı şəxs nəzarət edir.
Qaradağ rayonunda yerləşən bu karxanalarda çalışan fəhlələrin heç biri ilə əmək müqaviləsi bağlanmayıb. Bu isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra maddələrinin pozulması deməkdir. Üstəlik, müəssisələrdə təhlükəsizlik qaydalarına da ciddi şəkildə məhəl qoyulmur:
Elektrik kabelləri texniki normativlərə uyğun deyil;
Naqillərə və texnikalara mütəmadi baxış keçirilmir;
İşçilərin həyat və sağlamlığı birbaşa təhlükə altındadır.
Əmək hüquqları tapdalanan fəhlələr və ustalar ağır şəraitdə çalışır. Onların normal yaşayış şəraiti – yatacaq yeri, mətbəx, hamam təmin olunmayıb. Əmək müqavilələrinin olmaması isə gələcək sosial təminatlarını da sual altına alır.
Məlumatlara görə, İdman müəllimin karxanalarında vergidən yayınma halları da geniş yayılıb. Hər ay on minlərlə manat dövlət büdcəsindən gizlədilir. Karxana rəhbərliyi vergi orqanlarında əlaqədar şəxslərin köməyi ilə bu qanunsuzluqlara şərait yaradır.
Əldə olunan bilgilərə əsasən, sahibkara əsas dəstək göstərən şəxs Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradovdur.
Yazıda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.
“Qaradağda qanunsuz daş karxanaları: İcra Hakimiyyətinin müavini Nadir Muradov ‘İdman’ın milyardlıq korrupsiya şəbəkəsini himayə edir”




