Şabran-Qalaltı yolunda bu ilin aprel ayında yağan güclü yağış və sel nəticəsində dağılan körpü hələ də bərpa olunmayıb. Üstündən 8 ay keçməsinə baxmayaraq, körpünün təmiri ilə bağlı heç bir iş aparılmayıb.
“Azərbaycan Reallığı” xəbər verir ki, bu barədə Şabran rayon sakinləri video paylaşaraq vəziyyətdən narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, körpü dağıldıqdan sonra kənara qoyulan boru vasitəsilə müvəqqəti hərəkət bərpa edilsə də, həmin yol tam yararsız vəziyyətdədir və xüsusilə yük maşınlarının keçidi mümkün deyil.
Sakinlər bildirir ki, Şabran Rayon İcra Hakimiyyəti bu müddət ərzində nə körpünün əsaslı təmiri, nə də alternativ yolun bərpası üçün hər hansı addım atmayıb:
“Artıq dekabr ayıdır, amma bu istiqamətdə normal hərəkət üçün şərait yoxdur. Yük maşınları keçə bilmir, yol faktiki olaraq bağlıdır. Nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, nə də Şabran Rayon İcra Hakimiyyəti bu kiçik yolun bərpası ilə maraqlanmır. 8 aydır kənd camaatı əziyyət çəkir. Yağıntılar da başlayıb, vəziyyət daha da ağırlaşıb. Heç bir dövlət qurumu problemi həll etmir”.
Qeyd olunan yol “Qalaltı” otelinə, həmçinin Əmirxanlı, Qazmabalı, Ağsağlı, Ceyranlı, Vələsli, Qalaltı və Meşrif kəndlərinə gedir. Sakinlər isə bu gecikmənin həyatlarını çətinləşdirdiyini bildirirlər.
Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd etsək də, zənglərimiz cavabsız qaldı. Qurumun mövqeyini işıqlandırmağa hazırıq.
Qeyd edək ki, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovdur. O, 5 aprel 2019-cu ildən bu vəzifəni icra edir.
Şabran sakinlərindən ETİRAZ: İcra başçısı Asif Hüseynov 8 aydır dağılan körpünü bərpa etmir (VİDEO)




