“Sədərək”ticarət mərkəzində hicab qadağası? Rəhbərlikdən AÇIQLAMA

“ Sədərək” Ticarət Mərkəzində çalışan hicablı xanımların işdən çıxarılacağı ilə bağlı iddialar yayılıb.

Xüsusi.tv xəbər verir ki, sosial şəbəkələrdə yayılan paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələrinin bildirildiyi iddia olunur.

Məsələ ilə bağlı Xüsusi.tv-ə açıqlama verən “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

O qeyd edib ki, Azərbaycanda hicabla bağlı hər hansı qadağa yoxdur və ticarət mərkəzində hicablı xanımlara qarşı heç bir məhdudiyyət tətbiq edilməyib.

Mətbuat katibi bildirib ki, dünyəvilik prinsipinə əsaslanan vahid məktəbli geyiminin tətbiqini hicabın qadağan olunması kimi təqdim etmək düzgün deyil.

Kəmaləddin Qədimin sözlərinə görə, “Sədərək” Ticarət Mərkəzi sahibkarlardan ibarətdir və hər bir sahibkar öz biznes fəaliyyətini müstəqil şəkildə həyata keçirir. Buna görə də mərkəzin hicablı xanımların işdən çıxarılması ilə bağlı göstəriş verməsi barədə yayılan məlumatlar əsassızdır.

O, həmçinin vurğulayıb ki, ticarət mərkəzində hicablı şəxslərin girişinə qadağa qoyulması barədə heç bir göstəriş verilməyib və yayılan iddialar həqiqəti əks etdirmir.