“Stomatoloq.Mehemmed”lə bağlı iddialar – Qeyri-qanuni tibbi fəaliyyət araşdırılır?
Xüsusi.Tv xəbər verir ki, sosial şəbəkələrdə “Stomatoloq.Mehemmed” adı ilə tanınan Məhəmməd Əhmədovun qeyri-qanuni tibbi fəaliyyət göstərdiyi ilə bağlı iddialar yayılıb.
Daxil olan məlumatlarda bildirilir ki, adıçəkilən şəxs Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında yerləşən və “Loft Dent” kimi tanınan stomatoloji məkanda üz-çənə cərrahı və implantoloq kimi fəaliyyət göstərir.
Lakin yayılan məlumatlara əsasən, həmin şəxsin stomatoloji fəaliyyət göstərməsi üçün tələb olunan ali tibbi təhsil və müvafiq icazə sənədlərinin olmadığı iddia edilir. Bildirilir ki, aparılan araşdırmalar zamanı Məhəmməd Əhmədovun adının Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin müvafiq məlumat bazalarında qeydə alınmadığı və tibbi fəaliyyət üzrə sertifikasiyası barədə məlumatın mövcud olmadığı göstərilir.
Mütəxəssislər qeyd edirlər ki, bu cür halların təsdiqlənəcəyi təqdirdə, vətəndaşların sağlamlığı üçün ciddi risklər yarana bilər. Stomatoloji və cərrahi müdaxilələr xüsusi ixtisas, rəsmi diplom və lisenziya tələb edən sahələrdir.
Qeyd edək ki, son dövrlərdə aidiyyəti qurumlar tərəfindən saxta stomatoloq və kosmetoloqlarla bağlı nəzarət tədbirlərinin gücləndirildiyi açıqlanıb. İddialar öz təsdiqini taparsa, bu halın həm tibbi, həm etik, həm də hüquqi məsuliyyət doğura biləcəyi bildirilir.
Məsələ ilə bağlı Məhəmməd Əhmədovla əlaqə saxlamaq mümkün olmayıb.
Yazıda qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



