Qarabağ bölgəsində aparılan tikinti və bərpa layihələrində bəzi şirkətlərin ödənişlərin gecikdirilməsi və görülən işlərin qarşılığının tam şəkildə ödənilməməsi ilə bağlı narazılıqları yenidən gündəmə gəlib. Bu vəziyyət nəticəsində bir sıra tikinti şirkətləri layihələri öz şəxsi vəsaitləri hesabına davam etdirmək məcburiyyətində qalır ki, bu da işlərin gedişatına və bəzi hallarda layihələrin yarımçıq qalmasına səbəb olur.
Xüsusi.Tv Xalq.Online saytına istinadən xəbər verir ki, son dövrlərdə ümumilikdə Qarabağda sahibkarlarla tikinti şirkətləri arasında ciddi narazılıqların yaşandığı bildirilir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən təmir-bərpa işləri çərçivəsində müxtəlif layihələrə cəlb olunan sahibkarlar dəfələrlə videomüraciətlər edərək kanalımıza göndərdikləri materiallarda haqlarının pozulduğunu iddia ediblər. Onların sözlərinə görə, bir sıra müqavilə öhdəlikləri ya gec icra olunur, ya da ümumiyyətlə yerinə yetirilmir.
Hazırkı vəziyyətin də sahibkarlar üçün ciddi çətinlik yaratdığı qeyd olunur. Bu çətinliklər həm işçi qüvvəsinin saxlanılmasına, həm də tikinti prosesinin davamlılığına mənfi təsir göstərir.
Belə ki, Xocavənd rayonunun Quzumkənd kəndində aparılan tikinti və bərpa işlərinə qoşulan “Nihat” MMC-nin rəhbəri Nəsimi Şirinoğlu da oxşar problemlərlə üzləşdiyini bildirən sahibkarlardandır.
30–40 nəfərlik heyətlə Yusif Yusiflinin rəhbərlik etdiyi “Bəyaz İnşaat” MMC ilə müqavilə bağlayan şirkət rəhbəri iddia edir ki, qarşı tərəf tərəfindən aldadılıb və ümumilikdə 29 min manat məbləğində vəsaitin mənimsənildiyini bildirir.
Şikayətçinin sözlərinə görə, üzərlərinə düşən işlərin təhvil verilməsi üçün tələb olunan material və aksesuarların 3 aydan artıq müddətdir təmin olunmaması işlərin dayanıqlığına ciddi problem yaradıb və bu da tərəflər arasında narazılıqları daha da artırıb.
Məsələ ilə bağlı aidiyyəti qurumlara və ölkə rəhbərliyinə müraciət edən sahibkar, haqlarının bərpa olunmasını və yaranmış problemin ədalətli şəkildə araşdırılmasını xahiş edir.




