Erməni daşnaklarının bolşevik qüvvələri ilə birlikdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 108 il ötür. Bu tarix xalqımızın yaddaşında dərin iz buraxmış, minlərlə günahsız insanın həyatına son qoyulmuş qanlı faciə kimi xatırlanır.
Xüsusi.Tv xəbər verir ki, 1918-ci ilin mart ayının son günlərində Bakıda başlayan kütləvi qırğınlar qısa müddətdə geniş ərazilərə yayılıb. Stepan Şaumyan rəhbərlik etdiyi silahlı dəstələr şəhərdə amansız qətliam törədərək minlərlə azərbaycanlını yalnız milli və dini mənsubiyyətinə görə məhv edib. Tarixi mənbələrə görə, təkcə Bakıda 20 minə yaxın dinc sakin qətlə yetirilib.
Qırğınlar zamanı şəhərin mühüm dini və mədəni abidələri də hədəfə alınıb. Təzəpir məscidi ağır artilleriya atəşinə tutulub, İsmailiyyə binası isə yandırılaraq məhv edilib. Bu vandalizm aktları yalnız insanlara deyil, həm də xalqın tarixi-mədəni irsinə qarşı yönəlmişdi.
Faciə təkcə Bakı ilə məhdudlaşmayıb. Şamaxı, Quba, Lənkəran, Muğan və Qarabağ bölgələrində də oxşar qırğınlar törədilib. Yüzlərlə kənd dağıdılıb, minlərlə insan xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda onlarla kənd yerlə-yeksan edilib, Qubada isə minlərlə insanın kütləvi şəkildə qətlə yetirildiyi faktlar sonradan aşkarlanıb.
Hadisələrə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ilk addımlar Azərbaycan Demokratik Respublikası dövründə atılıb. 1918-ci ildə yaradılan Fövqəladə Təhqiqat Komissiyası bu faciə ilə bağlı mühüm sənədlər toplayaraq hökumətə təqdim edib. 1919-cu ildə isə parlament 31 Mart tarixinin soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib.
Sovet dövründə bu həqiqətlərin üzərinə sükut pərdəsi çəkilsə də, müstəqillik əldə edildikdən sonra tarix yenidən araşdırılıb və faktlar üzə çıxarılıb. 1998-ci ildə Heydər Əliyev tərəfindən imzalanan fərmanla 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirilib.
Bu gün də dünyanın müxtəlif ölkələrində bu faciənin qurbanları anılır, tədbirlər və konfranslar keçirilir. 31 Mart yalnız keçmişin acı xatirəsi deyil, həm də gələcək nəsillərə ötürülən tarixi dərsdir — unutmaq olmaz, unutdurmaq olmaz.




