“Azərsu”nun baş idarəsində 140 minlik yoxa çıxma – susqunluq nəyi gizlədir?

Xüsusi.Tv xəbər verir ki, “Azərsu” ASC-nin baş idarəsində baş verdiyi iddia olunan ciddi maliyyə pozuntusu ilə bağlı araşdırma davam edir.

Məlumatlara əsasən, qurumun Nəzarət Ölçü Cihazları istiqaməti üzrə dövlət inventarında olan 7 ton əlvan metalın yoxa çıxması faktı araşdırılır. Söhbət təkcə texniki uyğunsuzluqdan yox, böyük həcmdə dövlət əmlakının taleyindən gedir.

İddialarda bildirilir ki, sözügedən materiallar əvvəlcə rəsmi uçotda olub. Daha sonra isə inventar sənədlərində dəyişikliklərin edildiyi, bəzi məlumatların silindiyi və nəticədə həmin əmlakın izsiz şəkildə dövriyyədən çıxarıldığı ehtimal olunur. Bu cür mexanizmin tətbiqi isə məsələnin təsadüfi deyil, sistemli xarakter daşıya biləcəyini göstərir.

Aparılan ilkin hesablamalara görə, yoxa çıxdığı iddia olunan 7 ton əlvan metal təxminən 140 min manat dəyərində qiymətləndirilir. Bu isə dövlət əmlakına ciddi zərər ehtimalını ortaya qoyur.

Məsələ ilə bağlı araşdırma çərçivəsində “Azərsu” üzrə baş mühəndis vəzifəsində çalışan Rəşad Borçiyev şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Hazırda onun bu prosesdə rolu və digər mümkün iştirakçılarla əlaqələri araşdırılır.

Diqqət çəkən məqamlardan biri də odur ki, hadisənin hansısa regional strukturda deyil, birbaşa baş idarə səviyyəsində baş verdiyi iddia olunur. Bu isə nəzarət mexanizmləri və daxili audit sistemi ilə bağlı ciddi suallar yaradır.

Bütün bunlara baxmayaraq, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən ictimaiyyətə açıq və detallı məlumat verilməyib. Bu isə cəmiyyətdə narahatlıq doğurmaqla yanaşı, baş verənlərin miqyası ilə bağlı sualları daha da artırır.

Araşdırma çərçivəsində inventar sənədlərinin, maddi dəyərlərin hərəkətinin və daxili yazışmaların yoxlanıldığı bildirilir. Eyni zamanda, fakt üzrə digər vəzifəli şəxslərin məsuliyyətinin olub-olmaması da diqqət mərkəzində saxlanılır.

Bizimlə Əlaqə: 050-548-38-65

Bu məqalə Xüsusi.Tv-yə məxsusdur. Mənbə göstərilmədən istifadə edilməsi və Xüsusi.Tv adının silinməsi qadağandır.