Xəzər rayonu ərazisində yerləşən Rəşid Baxışov adına 218 saylı tam orta məktəbdə valideynlə məktəb rəhbərliyi arasında ciddi qalmaqal yaşandığı iddia olunur.

Xüsusi.Tv xəbər verir ki, paytaxtın Xəzər rayonu ərazisində yerləşən Rəşid Baxışov adına 218 saylı tam orta məktəbdə valideynlə məktəb rəhbərliyi arasında ciddi qalmaqal yaşandığı iddia olunur.

Redaksiyamıza daxil olan məlumata görə, valideyn Günel Abdullayeva bildirir ki, oğlu Camal sözügedən məktəbin 5 “F” sinfində təhsil alır. Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayında azyaşlıya rəsmi şəkildə atalıq verilib və uşağın soyadı dəyişdirilib. Bu dəyişiklik məktəb sənədlərində – sinif jurnalında və elektron sistemdə də yenilənməni tələb edib.

Valideyn iddia edir ki, məsələ ilə bağlı dəfələrlə məktəb rəhbərliyinə və sinif rəhbəri Etibar Səmədova müraciət etsə də, heç bir nəticə əldə olunmayıb. Onun sözlərinə görə, müraciətlərə laqeyd yanaşılıb və problem həll edilmədən saxlanılıb.

Şikayətçinin sözlərinə görə, 13 aprel 2026-cı il tarixində etdiyi son müraciət zamanı sinif rəhbəri onunla kobud rəftar edib, hətta uşağın problemləri ilə maraqlanmadığını açıq şəkildə ifadə edib.

Baş verənlərdən narazı qalan valideyn məsələ ilə bağlı məktəbin direktoru Əbülfət Bağırova müraciət etdiyini bildirir. Lakin iddiaya əsasən, direktor problemi araşdırmaq əvəzinə valideynə qarşı sərt mövqe sərgiləyib. Bildirilir ki, direktor tərəfindən “uşağını bu məktəbdən çıxar” və “burada heç nə tələb edə bilməzsən” kimi ifadələr işlədilib.

Valideyn həmçinin qeyd edir ki, sinif rəhbəri öz vəzifələrini lazımi səviyyədə yerinə yetirmir. İddialara görə, şagirdlərlə maarifləndirici iş aparılmır, mühüm tarixi günlər barədə məlumat verilmir və ümumi laqeyd münasibət hökm sürür. Onun sözlərinə görə, bu vəziyyətdən narazı olan digər valideynlər də mövcuddur və onlar dəfələrlə müəllimin dəyişdirilməsi ilə bağlı müraciətlər ediblər.

Məsələnin diqqət çəkən digər tərəfi isə məktəb direktorunun uzun müddətdir eyni vəzifədə qalması ilə bağlıdır. İddialara görə, mövcud qaydalara baxmayaraq, direktor illərdir vəzifəsini davam etdirir.

Qeyd edək ki, bu, həmin məktəblə bağlı ilk qalmaqal deyil. Bir neçə il əvvəl məktəbin idman zalında baş verən insident də ictimaiyyət arasında geniş müzakirələrə səbəb olmuşdu.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışırıq. Rəsmi açıqlama daxil olduğu təqdirdə təqdim ediləcək.

Mənbə: Aztimes.az