192 kilometrlik mübarizə başa çatdı: III Beynəlxalq Xankəndi Ultramarafonunun qalibləri müəyyənləşdi 

Bu gün III Beynəlxalq Xankəndi Ultramarafonuna yekun vurulub.

Xüsusi.tv xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ultramarafonda altı ölkədən 97 atlet iştirak edib.

Dörd gün davam edən yarışda atletlər əzmkarlıq və qələbə əzmi nümayiş etdirərək ümumilikdə 192 kilometr məsafə qət ediblər. Ultramarafon dörd mərhələdən ibarət olub: Qəbələ-Ağdaş (52,5 km), Ağdaş-Bərdə (63,5 km), Bərdə-Ağdam (46,8 km) və Ağdam-Xankəndi (29,2 km).

Hər mərhələdə atletlər ayrıca qələbə uğrunda mübarizə aparıblar. Mərhələlərin qalibləri ayrıca mükafatlandırılıb, ümumi nəticələrə əsasən qalib gələn atletlər isə baş mükafata layiq görülüblər.

Yarışın sonuncu mərhələsində iştirakçılar Ağdamdan Xankəndiyə qədər 29,2 kilometr məsafə qət ediblər. Kişilər arasında bu mərhələnin qalibi Gürcüstan təmsilçisi David Xarazişvili, qadınlar arasında isə Ukrayna idmançısı Olena Şevçenko olub.

Dörd mərhələnin yekun nəticələrinə əsasən, kişilər arasında ümumi hesabda David Xarazişvili birinci yeri tutub. Litvalı Andrey Eqorov ikinci, Azərbaycan təmsilçisi Elşad Nəsibov isə üçüncü olub.

Qadınlar arasında Ukrayna təmsilçisi Olena Şevçenko ümumi hesabda birinci yeri tutaraq ultramarafonun qalibi olub. Rusiya təmsilçisi Leyla Abdinova ikinci, Azərbaycan idmançısı Natalya Vallek isə üçüncü yeri tutub.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yarışın əhəmiyyətini və iştirakçı sayının artmasını vurğulayıb:

“III Beynəlxalq Xankəndi Ultramarafonu artıq üçüncü dəfədir təşkil olunur. Son iki ildə yarışın finişi Xankəndidə olur. Bu il iştirakçılar dörd gün ərzində 192 kilometr məsafə qət ediblər. Sevindirici haldır ki, yarışa qatılanların sayı ildən-ilə artır. İştirakçılar arasında həm yerli, həm də xarici atletlər var. Bu il altı ölkədən idmançı yarışda qüvvəsini sınayıb. İştirakçıların təxminən 25 faizini qadınlar təşkil edir. Finişə çatan idmançıları təbrik edirəm. Azad olunmuş torpaqlarımızda gerçəkləşən bu növbəti idman bayramı münasibətilə hər kəsi təbrik edirəm”.

Yarışın qalibi David Xarazişvili ultramarafonun yüksək səviyyədə təşkil olunduğunu bildirib:

“İlk növbədə Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Dörd gün ərzində keçirilən yarışdan çox gözəl təəssüratlarla ayrılıram. Gələn il də mütləq iştirak edəcəyəm”.

Ümumi hesabda üçüncü yeri tutan Elşad Nəsibov isə Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib:

“Azərbaycanı təmsil etmək mənim üçün böyük qürurdur. Bu yarışda iştirak etdiyimə görə çox sevinirəm. Məqsədimiz Azərbaycanın adını ucaltmaq, üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaqdır. Qaçmaq rahat idi, bərpa prosesi isə çətin keçirdi. Bizə dəstək olan həkimlərə təşəkkürümü bildirirəm”.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, eləcə də Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi-Bakı marşrutu üzrə təşkil olunub. Həmin yarışda dörd ölkədən 64 atlet iştirak edib və onlar 380 kilometr məsafə qət ediblər. 2025-ci ildə isə ultramarafon Qəbələ-Xankəndi marşrutu üzrə keçirilib. Həmin il yarışa altı ölkədən 81 atlet qatılıb