“Sosial media satıcıları üçün ən uğurlu strategiya məhsulu satmaq yox, həyatdakı faydasını göstərməsidir” – Texnoloq

TikTok son illərdə sosial media platformaları arasında satış və reklam üçün ən effektiv vasitələrdən birinə çevrilib. Qısa videolar, viral trendlər, geniş auditoriya və algoritmik tövsiyələr satıcılar üçün məhsullarını tanıtmaqda böyük imkanlar yaradır. Platformanın interaktivliyi və istifadəçi bazasının aktivliyi məhsulun sürətlə yayılmasına və satışın artmasına şərait yaradır.

Bəs, TikTok-un hansı xüsusiyyətləri alverin satışını dəstəkləmək üçün daha effektivdir və bu xüsusiyyətlərdən maksimum yararlanmaq üçün hansı strategiyalar tətbiq oluna bilər?

Xüsusi.Tv xəbər verir ki, bu barədə Patrulaz.az-a öz fikirlərini bölüşən texnoloq Elvin Həsənovun fikrincə, TikTok-un satışdakı gücü onun alqoritmi və real görünən, emosional hekayələrə əsaslanan kontent təqdim etməsindədir:

“TikTok bu gün satış və marketinq üçün ən güclü platformalardan birinə çevrilib. Onun effektivliyi ondadır ki, insanlar orada klassik reklama yox, emosional və real görünən hekayələrə daha çox reaksiya verirlər. TikTok-un satış üçün bu qədər güclü olmasının əsas səbəbi onun alqoritmidir. Yəni sistem, istifadəçinin maraqlarını, baxışlarını və hətta dayandığı kadrları belə analiz edir və ona uyğun kontent göstərir. Yəni əgər kimsə moda, kosmetika və ya texnologiya videolarına baxırsa, çox keçmədən həmin mövzuda məhsul təklifləri qarşısına çıxır”.

E. Həsənov uğurlu strategiyanın məhsulu birbaşa satmaq yox, onun həyatdakı faydasını qısa və səmimi videolarla göstərmək olduğunu vurğulayıb:

“Sosial media satıcıları üçün ən uğurlu strategiya isə məhsulu “satmaq” yox, insanlara onun həyatdakı faydasını göstərməkdir. Məsələn, sadəcə bir geyimi göstərməkdənsə, onu gündəlik kombinlərlə, “öncə və sonra” effekti ilə təqdim etmək izləyicinin diqqətini daha çox çəkir və qısa, səmimi videolar hər zaman daha çox izlənir və paylaşılır”.

Texnoloqun sözlərinə görə, TikTok-un “Live” funksiyası və trendlərdən istifadəsi izləyici etibarını artırır və məhsulun satışını gücləndirir:

“Bundan əlavə TikTok-un “Live” funksiyası da satışda böyük rol oynayır. Canlı yayımlarda satıcı birbaşa izləyicilərlə danışa, sualları cavablandıra və real vaxtda məhsulu təqdim edə bilir. Bu, alıcılarda etibar yaradır və çox vaxt dərhal satışla nəticələnir. Ən vacib məqam isə trendlərdən geri qalmamaqdır. TikTok əsas trend üzərində qurulub. Yəni populyar musiqilər, hashtaglar və çağırışlardan (challenge-lərdən) istifadə etmək məhsulun görünməsini qat-qat artırır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir