Son zamanlar sosial şəbəkələrdə spiner, “kəpənək”, “gerber akula” adlı bıçaqlar, eləcə də “knopka dubinka” və beşbarmaq kimi soyuq silahların açıq satışına rast gəlinir. Maraqlıdır, bu cür silahların alqı-satqısını həyata keçirənləri və ya üzərində gəzdirənləri hansı məsuliyyət gözləyir?
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Xüsusi.Tv-yə açıqlamasında bildirib ki, soyuq silahın qanuni tərifi onun təyinatı və materialına görə müəyyən olunur, istifadəsi isə cinayət məsuliyyəti yaradır:
“Soyuq silahın saxlanılması və istifadəsi Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən 1 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bəzən soyuq silahın bıçaq hissəsinin uzunluğunu 4 sm-dən artıq olduqda, bu alətin avtomatik olaraq soyuq silah hesab olunacağı deyilir. Əslində bu tamamilə yanlışdır. Soyuq silah anlayışı onun təyinatına və materialına görə müəyyən olunur: istehsalatda və məişətdə istifadə edilə bilməyən, ancaq fiziki qüvvə ilə xəsarət yetirməyə hesablanmış silahlar soyuq silah sayılır. Bunlara ov silahları, süngülər, xəncərlər, qılınclar, baltalar, nizələr misal göstərilə bilər”.

Ş.Paşayev mətbəx alətlərinin soyuq silah hesab olunmadığını vurğulayıb:
“Soyuq silahla mühakimə aparılarkən ekspert rəyi olmalıdır. Ekspert həmin silahın soyuq silah olub-olmadığını müəyyən etməlidir. Mətbəxdə istifadə olunan silah isə soyuq silah hesab olunmur. Soyuq silahla bağlı cəza isə 1 ilə qədər azadlıqdan məhrum etmədir”.




