Hindistanda 74 yaşlı kişi sağ ikən öz yas mərasimini təşkil edib.
Xüsusi.Tv Hindistan KİV-nə istinadla xəbər verir ki, Hindistanın keçmiş Hərbi Hava Qüvvələri əsgəri 74 yaşlı Mohan Lal sağ ikən öz yas mərasimini təşkil edərək, ölümündən sonra kimlərin onu xatırlayacağını və mərasimə kimlərin gələcəyini görmək istəyib.
Kişi bəzi kənd sakinlərini yanına çağıraraq, onun yas mərasimini təşkil etmələrini xahiş edib. Daha sonra ölümü elan olunmuş kimi göstərilərək mərasim keçirilib. Arxa fonda emosional mahnılar səsləndirilib və ətraf kəndlərdən də insanlar mərasimə qatılmağa başlayıblar.
Mərasim zamanı Mohan Lal qəfil qalxaraq iştirakçıları təəccübləndirib. O, məqsədini açıqlayaraq bildirib ki, bunu etməklə ölümündən sonra insanların ona nə qədər hörmət və məhəbbət bəslədiyini görmək istəyib:
“Biri öləndə insanlar cənazəni daşıyır, amma mən bunu sağ ikən yaşamaq, həm də insanların mənə nə qədər hörmət göstərdiyini görmək istəyirdim”.
Daha sonra Mohan Lal mərasimdə iştirak edənlər üçün ziyafət də təşkil edib.




