Azərbaycanda kredit ödənişiləri niyə differensial – ödənişlərin məbləğini zaman keçdikcə azalmaqla borcun qaytarılması metoduna keçilmir? – RƏY

Bildiyimiz kimi, Azərbaycanda kreditlərin ödənişi əsasən annuitet metodu (borcun aylıq bərabər hissələr ilə ödənilməsi) ilə həyata keçirilir. Bu metod borcalanın hər ay sabit məbləğ ödəməsini nəzərdə tutur və hazırda dünyada ən geniş yayılmış üsuldur. Statistikaya görə, təxminən 80% ölkədə, o cümlədən ABŞ, Türkiyə, Gürcüstan kimi dövlətlərdə kreditlər məhz annuitet üsulu ilə verilir.

Bununla yanaşı, kredit ödənişlərində alternativ yanaşma – differensial metod da mövcuddur. Bu metod Rusiya, Fransa kimi ölkələrdə tətbiq olunur və ödənişlərin məbləği zaman keçdikcə azalmaqla borcun qaytarılmasını nəzərdə tutur.

Maraqlıdır ki, differensial metod Azərbaycanda da tətbiq oluna bilərmi?

İqtisadçı ekspert Əkrəm Həsənov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, ilk ödənişlərin həddindən artıq yüksək olması vətəndaş üçün çətinlik yaradır. Bu səbəbdən də vətəndaşlar adətən bu üsulu seçmirlər:

“Differensial metod olsa, yeni ilk ödənişlərin məbləği çox olacaq. Yəni fərq odur ki, differensialda əsas borc kredit müddəti üzrə tam bərabər hissələrə bölünür. Məsələn, 12 min götürülərsə, 1 illik kreditdə gərək hər ay 1000 manat əsas borc ödənilsin. Hər ayın faizi isə qalıq hissəsinə uyğun hesablanır. Məsələn, 1-ci ayda 1000 manat əsas borc, faiz isə 12 minin faizi olur. 2-ci ayda artıq 11 minin, 3-cü ayda isə 10 minin faizi hesablanır. Yəni ilk ödənişlərin həddən artıq böyük olması vətəndaş üçün ağır olur. Heç vətəndaşlar özləri buna keçmək istəmirlər”.

Ə. Həsənovun sözlərinə görə, vətəndaşlar aylıq ödənişlərin az olmasına üstünlük verdiklərinə görə differensial metoddan geniş şəkildə istifadə olunmadığını vurğulayıb:

“Annuitetdə isə ilk dövrdə faiz daha çox, əsas borc isə az ödənilir. Amma aylıq ödənişlər əvvəldən axıra kimi bərabər olur. Differensialda isə qeyd etdiyim kimi hər ayın faizi qalıq məbləğə uyğun hesablanır. Bizdə isə əksinə, vətəndaş deyir ki, elə edin ki, aylıq ödənişlərim çox olmasın, az olsun. Bu sırf vətəndaşların ödəniş probleminə görə belə edilir və dünyada da, deyim ki, differensial metoddan elə də tez-tez istifadə olunmur”.

Göründüyü kimi, differensial metodda ilk aylarda ödənişlərin yüksək olması vətəndaş üçün əlavə maliyyə yükü yaradır. Azərbaycanda əhalinin böyük qismi aylıq bərabər ödənişləri üstün tutduğundan, annuitet metodunun tətbiqi daha real və əlçatan görünür. Differensial metod nəzəri cəhətdən mümkündür, lakin praktiki baxımdan vətəndaşların ödəmə imkanları ilə uyğun gəlmədiyi üçün geniş tətbiqi çətin ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir