“Borani” restoranında yaşanan hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Xüsusi.Tv “Azərbaycan Reallığı” – na istinadən xəbər verir ki, Elçin T. Əliyev adlı istifadəçi Facebook hesabında paylaşdığı yazıda restoranın ümumi zalına tək olduğu üçün buraxılmadığını iddia edib.
Onun sözlərinə görə, restoranda çalışan Dərya adlı əməkdaş ümumi zalın yalnız ailələr üçün nəzərdə tutulduğunu bildirib və onu “kişilər üçün” ayrılmış başqa zala yönləndirib. Bu yanaşmadan narazı qalan Elçin T. Əliyev nəticədə restorandan ayrıldığını qeyd edib.
İstifadəçi paylaşımında məsələni tənqid edərək bildirib ki, bu cür yanaşmalar açıq-aşkar özbaşınalıqdır və dövlət nəzarətinin yetərsizliyindən qaynaqlanır. O, xüsusilə AQTA-nın fəaliyyətinə işarə edərək, iaşə obyektlərində qaydalara əməl olunmamasından narahatlığını ifadə edib.
Paylaşım müəllifi həmçinin ölkədə turizm siyasətinin əsasən Şərq ölkələrindən gələn turistlərə yönəldiyini vurğulayıb və bunun cəmiyyətin ümumi mədəni mühitinə mənfi təsir göstərdiyini iddia edib.




