Dövlət xəstəxanalarında ağır iddialar – amputasiya olunan pasiyent köməksiz qalıb?

Vətəndaş Hacıyeva Fatimə Gülhüseyin qızı tərəfindən redaksiyamıza daxil olan müraciət ciddi narahatlıq doğurur. İddialar ölkənin aparıcı tibb müəssisələrindən biri ilə bağlı səsləndirilir.

Xüsusi.Tv xəbər verir ki, müraciətdə bildirilir ki, pasiyentin ayağı təxminən 8 ay əvvəl Toçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində həkim Ruslan Əliyev tərəfindən amputasiya edilib.

Hazırda isə xəstənin digər ayağında qan dövranının dayanması nəticəsində qanqrena yarandığı iddia olunur. Yaxınlarının sözlərinə görə, vəziyyət kritik həddə çatıb və pasiyent həyat üçün təhlükəli mərhələdədir.

Müraciətdə qeyd olunur ki, xəstənin yaxınları məsələ ilə bağlı mərkəzin baş həkimi Nazim Hacıyevə dəfələrlə müraciət etsələr də, iddialara görə, xəstənin müalicəsi istiqamətində effektiv tədbirlər görülməyib. Əksinə, pasiyentin müxtəlif tibb müəssisələrinə yönləndirildiyi və konkret müalicə planının təqdim olunmadığı bildirilir.

İddialara əsasən, əməliyyatı həyata keçirən həkim də sonrakı mərhələlərdə xəstəni qəbul etməkdən yayınıb. Yaxınların təqdim etdiyi yazışmaya görə, həkim tərəfindən belə bir cavab verilib:

“Mən qəbul edə bilməyəcəyəm sizin xəstənizi, baş həkimə məlumat verdim, lazımi tədbir görülsün. Stent yoxdur, başqa mərkəzə yönləndiriləcək.”

Hazırda Hacıyeva Fatimənin əlil arabasında, ağır və halsız vəziyyətdə olduğu, müxtəlif dövlət xəstəxanalarına müraciət edilməsinə baxmayaraq “yer yoxdur” və ya digər səbəblərlə geri qaytarıldığı iddia edilir. Bu isə səhiyyə sistemində koordinasiya və operativ müdaxilə ilə bağlı ciddi suallar yaradır.

Yaxınları vəziyyətin kritik olduğunu bildirərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən təcili müdaxilə və araşdırma aparılmasını xahiş edir.

Ortaya çıxan bu iddialar fonunda bir sıra vacib suallar gündəmə gəlir: ağır vəziyyətdə olan pasiyent niyə vaxtında qəbul edilmir, müalicə prosesi niyə yarımçıq qalır və məsuliyyət hansı qurumların üzərinə düşür?

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.