Nəsimidə qanunsuz tikinti biabırçılığı – piyada səkisi zəbt olundu, icazəsiz zirzəmi qazılır!

Bakının Nəsimi rayonu ərazisində daha bir qanunsuz tikinti faktı ictimailəşib. Xüsusilə rayonun 3-cü mikrorayon dairəsi ətrafında, Seyid Cəfər Pişəvari küçəsində baş verənlər sakinlərin ciddi narazılığına səbəb olub.

Əldə edilən məlumatlara görə, mövcud obyektin ərazisində əlavə zirzəmi qatının yaradılması məqsədilə geniş qazıntı işləri aparılır. Bu proses zamanı isə ən ciddi problem – piyada səkisinin açıq şəkildə zəbt olunmasıdır. Nəticədə həm ərazidə hərəkət çətinləşib, həm də təhlükəsizlik qaydaları kobud şəkildə pozulub.

Məsələ ilə bağlı diqqət çəkən məqam ondan ibarətdir ki, özünü iş icraçısı kimi təqdim edən, lakin adını açıqlamayan şəxs tikinti üçün rəsmi icazələrinin olmadığını dolayısı ilə etiraf edib. Bununla yanaşı, o bildirib ki, aparılan qazıntı işləri barədə “aidiyyəti şəxslər məlumatlıdır”.

Bu isə ciddi suallar doğurur:

Əgər ortada rəsmi icazə yoxdursa, bu tikinti işlərinə kim və hansı əsasla göz yumur? Niyə dövlət qurumları qanunsuz müdaxilələrə qarşı tədbir görmür?

Qeyd edək ki, Tahir Budaqov rəhbərlik etdiyi rayon ərazisində belə halların artması ictimai nəzarətin zəifliyindən xəbər verir.

Məsələ ilə bağlı araşdırmalar davam edir. Xüsusi.Tv olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.