Parisdə möhtəşəm Novruz: Azərbaycan UNESCO qərargahında mədəniyyətini nümayiş etdirdi

Fransanın paytaxtı Paris şəhərində yerləşən UNESCO-nun mənzil-qərargahında Novruz bayramı geniş və rəngarəng proqramla qeyd olunub. Tədbirdə Azərbaycanla yanaşı daha 12 ölkə iştirak edərək qədim bayramın beynəlxalq səviyyədə birləşdirici rolunu bir daha nümayiş etdirib.

Tədbirin açılış mərasimində çıxış edən Tacikistanın UNESCO yanındakı daimi nümayəndəsi Dilşod Kamolzadə Rəhimi Novruzun yalnız bir bayram deyil, xalqları bir araya gətirən ortaq mədəni dəyər olduğunu vurğulayıb. O bildirib ki, bu bayram sülh, həmrəylik və yenilənmənin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

Gecədə Xalid Əl-Ənani başda olmaqla diplomatik korpus nümayəndələri, diaspor təşkilatları və çoxsaylı qonaqlar iştirak edib. Rəsmi hissədən sonra tədbir mədəni proqramla davam edib.

Azərbaycan tədbirdə zəngin mədəni irsi ilə seçilib. Milli musiqilər, rəqslər və xüsusilə modelyer Leyla Babazadə tərəfindən hazırlanan milli geyim kolleksiyası böyük maraqla qarşılanıb. Dizaynerin təqdim etdiyi geyimlər qədim ornamentlərin müasir üslubda təqdimatı ilə fərqlənib və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Digər iştirakçı ölkələr də öz milli musiqi və rəqs nümunələrini təqdim edərək tədbirə rəng qatıb. Eyni zamanda, qonaqlar müxtəlif xalqların milli mətbəx nümunələrinin dadına baxmaq imkanı əldə ediblər. Azərbaycan mətbəxi isə dolma, plov və qutab kimi ənənəvi təamlarla təmsil olunub.

Qeyd edək ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu isə bayramın qlobal mədəni dəyər kimi tanınmasının bariz nümunəsidir.