Qalmaqallı paylaşımın ardınca gələn açıqlama tənqid edildi

Özünü müğənni kimi təqdim edən Fərəh adlı “xanım” sosial şəbəkə hesabında video müraciət yayaraq son günlər gündəmə gələn qalmaqallı görüntülərlə bağlı açıqlama verib. Lakin səsləndirdiyi fikirlər cəmiyyətdəki narazılığı azaltmaq əvəzinə, əksinə, yeni müzakirələrə yol açıb.

Xüsusi.Tv xəbər verir ki, Fərəh xanım açıqlamasında “Mən nə söz işlətmişəm ki? Orada cəm halda söz işlətmişəm” ifadəsini səsləndirib. Məhz bu cümlə sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi tənqid olunub. İzləyicilər bildirirlər ki, hansı formada deyilməsindən asılı olmayaraq, ictimai platformada səsləndirilən ifadə hörmət çərçivəsindən kənara çıxırsa, bu artıq məsuliyyət məsələsidir.

Açıqlamada diqqət çəkən digər məqam isə jurnalistlərə yönəlmiş ifadələr olub. Fərəh xanım xəbəri şərh edən media nümayəndələrinə qarşı sərt və istehzalı üslubdan istifadə edib. O, “dırnaq arası jurnalistlər” ifadəsini işlədərək, onların klublardan yığışmalı olduğunu bildirib.

Bu yanaşma isə cəmiyyətdə haqlı suallar doğurur:
Kluba getmək qadağandırmı? Jurnalistin şəxsi həyatı və asudə vaxt seçimi niyə müzakirə mövzusu olmalıdır? Klub əyləncə məkanıdır və qanunla müəyyən edilmiş yaş həddini keçən hər bir vətəndaşın ora getmək hüququ var. Peşəsindən asılı olmayaraq hər kəsin şəxsi həyatına hörmət olunmalıdır.

Digər tərəfdən, ictimaiyyət xatırladır ki, paytaxtdakı müxtəlif məkanlarda səhnə alan ifaçıların özləri də həmin məkanlardan görüntülər paylaşır və bu, normal qarşılanır. O halda eyni məkanlara gedən digər şəxslərin hədəf seçilməsi hansı məntiqə əsaslanır?

Fərəh xanımın “Polisin işi-gücü yoxdur gəlib məni axtaracaq?” kimi ifadəsi də müzakirə yaradıb. Hüquq-mühafizə orqanlarının fəaliyyəti və səlahiyyətləri qanunla müəyyən edilir və hər hansı məsələ ilə bağlı hüquqi qiymət verilib-verilməməsi yalnız aidiyyəti qurumların səlahiyyətindədir.

Xüsusi.Tv olaraq bildiririk ki, məsələ ilə bağlı yekun hüquqi mövqe yalnız rəsmi araşdırmadan sonra məlum ola bilər. Biz mövzunu diqqətdə saxlayır və hüquq-mühafizə orqanlarının qanun çərçivəsində qərar verəcəyinə inanırıq.

Cəmiyyət qarşısında çıxış edən hər bir şəxs sözün məsuliyyətini dərk etməli, ictimai platformalarda etik çərçivələri qorumalıdır. Müzakirələr isə qarşılıqlı hörmət prinsipi üzərində qurulmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir