Qəbələ rayon Statistika İdarəsinin həyata keçirdiyi satınalma əməliyyatları ilə bağlı ortaya çıxan məlumatlar ciddi müzakirələrə səbəb olub. Dövlət vəsaitinin xərclənməsi zamanı şəffaflıq və qanunvericiliyin tələblərinə əməl olunub-olunmaması yenidən gündəmə gəlib.
Xüsusi.Tv xəbər verir ki, idarə ev təsərrüfatlarında daxili turizm və işçi qüvvəsi üzrə rüblük seçmə statistik müayinələrin aparılması məqsədilə bir neçə fiziki şəxslə bir mənbədən satınalma metodu ilə müqavilələr bağlayıb.
Məlumata görə, fiziki şəxs Sevinc Əlşən qızı Alahverdiyeva ilə 20.498 manat, fiziki şəxs Gülnar Sadiq qızı Əhmədova ilə 1.952,2 manat, eləcə də fiziki şəxs Mahir Ramiz oğlu Mikayılov ilə 1.952,2 manat məbləğində müqavilələr imzalanıb. Bu məlumatlar dövlət satınalmalarının vahid portalında 19 mart 2026-cı il tarixində yerləşdirilib.
Diqqət çəkən əsas məqam isə müqavilə bağlanan şəxslərlə bağlıdır. Belə ki, təqdim olunan məlumatlarda həmin fiziki şəxslərin vergi uçotu üzrə qeydiyyatının – yəni VÖEN məlumatlarının göstərilmədiyi iddia olunur. Bu hal isə həm hüquqi, həm də maliyyə baxımından ciddi suallar doğurur.
Ekspertlər bildirirlər ki, dövlət satınalmalarında iştirak edən fiziki şəxslərin vergi uçotunda olması, maliyyə şəffaflığı və ödəmə qabiliyyəti ilə bağlı məlumatların təqdim edilməsi əsas şərtlərdən biridir. Əks halda bu cür müqavilələr həm dövlət vəsaitinin xərclənməsində şəffaflığa kölgə sala, həm də vergidən yayınma risklərini artıra bilər.
Məlumatlara əsasən, satınalma prosesi açıq tender yolu ilə deyil, birbaşa – bir mənbədən metod vasitəsilə həyata keçirilib. Bu isə rəqabət mühitinin formalaşmasına mane olmaqla yanaşı, seçimin hansı meyarlarla edildiyi ilə bağlı əlavə suallar yaradır.
Məsələdə diqqət çəkən digər məqam isə nəzarət mexanizmləridir. Bildirilir ki, bu tip satınalmalar zamanı razılıq verən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən də prosesə lazımi səviyyədə nəzarət olunub-olunmadığı müzakirə mövzusudur.
Qeyd edək ki, Qəbələ rayon Statistika İdarəsinin rəhbəri Ayaz İsgəndərovdur. Dövlət Statistika Komitəsinin sədri isə Azər Mursaqulovdur. Ortaya çıxan iddialar fonunda sual yaranır: bu proseslərdən yuxarı rəhbərlik məlumatlıdırmı və baş verənlərə hansı hüquqi qiymət veriləcək?
Hazırda məsələ ilə bağlı rəsmi qurumların açıqlaması yoxdur. İddiaların ciddiliyi isə göstərir ki, mövzu üzrə araşdırma aparılması və aydınlıq gətirilməsi zəruridir.




