Mediatur çərçivəsində xarici media nümayəndələri Qazaxıstan Milli Muzeyini ziyarət ediblər.
“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, mediatur iştirakçılarına muzeyin yaradılma tarixi, onun kolleksiyaları və əsas ekspozisiyaları barədə məlumat verilib.
Qazaxıstan Milli Muzeyi 2013-cü ildə “Mədəni irs” dövlət proqramı çərçivəsində yaradılıb və 2014-cü il iyulun 2-də rəsmi olaraq açılıb. Binanın ümumi sahəsi 74 min kvadratmetr təşkil edir, bunun da 14 min kvadratmetrdən çoxunu ekspozisiya sahələri tutur.
Muzey hündürlüyü doqquz mərtəbəyə qədər olan yeddi blokdan ibarətdir. Onun ekspozisiyalarında arxeoloji tapıntılar, Qazaxıstanın qədim və orta əsrlər tarixinə, etnoqrafiyasına, mədəniyyətinə və incəsənətinə aid əşyalar, eləcə də ölkənin müstəqillik əldə etməsindən sonrakı dövrə həsr olunmuş materiallar nümayiş etdirilir.
Ən məşhur eksponatlardan biri Qazaxıstanın qədim tarixinin simvollarından birinə çevrilmiş arxeoloji tapıntı – “Qızıl adam”dır. Muzeydə, həmçinin ziyarətçilərə ölkənin tarixi və mədəni irsi ilə tanış olmağa imkan verən müasir multimediya ekspozisiyaları təqdim olunur.
Milli Muzeyin fondlarında 220 mindən çox muzey əşyası, o cümlədən 175 mindən çox daimi mühafizə vahidi saxlanılır.



