Yasamal rayonu ərazisində fəaliyyət göstərən “Doktor Davud” klinikası ətrafında yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub. Söhbət təkcə bir tibb müəssisəsindən deyil, ümumilikdə səhiyyə sahəsində nəzarət və məsuliyyət məsələlərindən gedir.
Xüsusi.Tv xəbər verir ki, aparılan yoxlamalar zamanı klinikanın fəaliyyəti ilə bağlı bir sıra ciddi nöqsanların aşkarlandığı bildirilir. İddialara görə, müəssisədə həm kadr təminatı, həm də təşkilati baxımdan qanunvericiliyin tələblərinə uyğun olmayan hallar mövcuddur.
Ən diqqətçəkən məqamlardan biri isə həkim Davud Qüdrətovun ixtisasına uyğun olmayan tibbi xidmət göstərməsi ilə bağlı iddialardır. Bildirilir ki, ixtisasca pediatr olan həkim pasiyentlərə qastroenteroloji xidmətlər təqdim edib. Bu isə qüvvədə olan qaydalara zidd hesab olunur.
Məlum olduğu kimi, qanunvericiliyə əsasən həkim yalnız sertifikasiya olunduğu ixtisas üzrə fəaliyyət göstərə bilər. Əks halda bu, qanunsuz tibbi fəaliyyət kimi qiymətləndirilir və hüquqi məsuliyyət yaradır.
Bununla yanaşı, klinikada müxtəlif sahələr üzrə xidmətlərin göstərildiyi qeyd olunsa da, yoxlamalar zamanı həmin ixtisaslar üzrə mütəxəssislərin mövcud olmadığı iddia olunur. Bu isə vətəndaşların sağlamlığı baxımından ciddi risklər yarada bilər.
Ortaya çıxan vəziyyət bir sıra sualları gündəmə gətirir. Pasiyentlərə göstərilən xidmətlər hansı hüquqi əsaslarla həyata keçirilib? Müvafiq ixtisas olmadan diaqnoz qoyulması nə dərəcədə doğrudur? Bu prosesə kim nəzarət edib?
Maraqlıdır ki, məsələ ilə bağlı verilən açıqlamalarda klinikanın fəaliyyəti ümumi şəkildə izah olunsa da, məhz ixtisasdan kənar xidmətlərlə bağlı konkret mövqeyə aydınlıq gətirilməyib.
Hazırda məsələ ilə bağlı araşdırmaların davam etdiyi bildirilir. Aidiyyəti qurumların yekun mövqeyi və hüquqi qiyməti ictimaiyyət tərəfindən gözlənilir. Qarşı tərəfin cavab haqqı tanınır.
Bu məqalə Xüsusi.Tv-yə məxsusdur. Mənbə göstərilmədən istifadə edilməsi və Xüsusi.Tv adının silinməsi qadağandır.




