Tale Heydərovla bağlı qalmaqal böyüyür – tanınmış iş adamı axtarışa verildi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun zərərçəkmiş olduğu cinayət işi üzrə yeni detallar üzə çıxıb.

Xüsusi.Tv xəbər verir ki, “Azfinance İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasının sabiq sədri Abid Mamedov barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və o, rəsmi olaraq axtarışa verilib.

İş materiallarına görə, hazırda həbsdə olan şirkət direktoru İntiqam Səfərəliyev ilə birlikdə Abid Mamedov xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilir. Lakin Mamedovun ölkə xaricində olduğu bildirildiyi üçün onun saxlanılması hələlik mümkün olmayıb.

İddialara əsasən, tərəflər arasında böyük məbləğli alqı-satqı əməliyyatı baş tutub. Bildirilir ki, Tale Heydərova milyonlarla manat dəyərində zavod satılıb. Lakin sonradan Heydərov müqavilədən imtina edərək aldadıldığını iddia edib və hüquq-mühafizə orqanlarına müraciət edib. Onun ifadəsinə görə, bu proses nəticəsində 11 milyon 903 min manat məbləğində ziyan dəyib və istintaq da ilkin olaraq bu rəqəmi təsdiqləyib.

Digər tərəf isə ittihamları qəbul etmir. Müdafiə tərəfinin mövqeyinə görə, tərəflər arasında rəsmi müqavilə əsasında alqı-satqı baş tutub və bu əməkdaşlıq nəticəsində gəlir də əldə olunub. Onların iddiasına görə, sonradan yaranan mübahisə müqavilə şərtlərinin dəyişdirilməsi cəhdindən sonra ortaya çıxıb.

Məlumata görə, İntiqam Səfərəliyevlə bağlı cinayət işi üzrə istintaq artıq yekunlaşıb. Abid Mamedovun işi isə ayrıca icraata ayrılıb və onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, Abid Mamedov müxtəlif maliyyə qurumlarında çalışıb, o cümlədən “Azfinance İnvestisiya Şirkəti”ndə yüksək vəzifələr tutub və şirkətin əsas pay sahiblərindən biri hesab olunur.

Hazırda iş üzrə yekun qərarın məhkəmə istintaqı zamanı veriləcəyi gözlənilir. Tərəflərin təqdim edəcəyi sübut və ifadələr hadisənin əsl mahiyyətini müəyyən edəcək.

Bu məqalə Xüsusi.Tv-yə məxsusdur. Mənbə göstərilmədən istifadə edilməsi və Xüsusi.Tv adının silinməsi qadağandır.