Paytaxt Bakı şəhərinin Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, Mehmandarov küçəsində aparıldığı iddia edilən tikinti işləri ilə bağlı narazılıqlar artır.
Ərazidən daxil olan görüntülər və yerli sakinlərin söylədiklərinə əsasən, burada dəmir konstruksiyalardan ibarət tikinti işlərinin rəsmi icazə olmadan həyata keçirildiyi bildirilir. Sakinlərin iddiasına görə, proses sürətli şəkildə davam edir və ətrafda təhlükəsizlik qaydalarına ciddi əməl olunmur.
Ən çox müzakirə olunan məqamlardan biri isə bu tikintinin arxasında kimlərin dayanması ilə bağlıdır. İddialar arasında rayon rəhbərliyi ilə əlaqəli şəxslərin bu prosesə göz yumması və ya müəyyən razılaşmaların ola biləcəyi də yer alır. Bu çərçivədə Rafiq Quliyev adının hallandığı deyilir. Lakin bu iddialar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Digər narahatedici məqam isə tikinti prosesində çalışan işçilərlə bağlıdır. Məlumatlara görə, bəzi fəhlələrlə əmək müqavilələrinin bağlanmadığı iddia olunur ki, bu da əmək qanunvericiliyinin pozulması ehtimalını gündəmə gətirir.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarının – Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mövqeyi isə hələlik məlum deyil.
Ərazidə şəhərsalma qaydalarının pozulması və nəzarətsiz tikinti aparılması iddiaları ictimaiyyətdə suallar doğurur: bu prosesə kim nəzarət edir və təhlükəsizlik riskləri niyə vaxtında aradan qaldırılmır?
Sakinlər isə vəziyyətin araşdırılmasını və qanunsuzluq varsa dərhal dayandırılmasını tələb edirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.








