Bakıya leysan gəlir: Dağlara qar, rayonlara dolu xəbərdarlığı!

Oktyabrın 10-da Azərbaycanda qeyri-sabit hava şəraiti gözlənilir. Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacaq, gecə saatlarında bəzi ərazilərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimal edilir. Axşama doğru yağış tədricən kəsiləcək.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, gündüz 19-21 dərəcə isti olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv leysan, şimşək və dolu ehtimalı var. Yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında gecə və səhər saatlarında yağıntılar güclənə bilər. Gecə və səhər bəzi ərazilərdə duman müşahidə olunacaq.

Rayonlarda havanın temperaturu gecə 11-16, gündüz 20-25 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Gözlənilən yağıntılarla əlaqədar sürücülərə yollarda ehtiyatlı olmaq, sürət həddinə və təhlükəsiz ara məsafəsinə riayət etmək tövsiyə olunur.